minimalizm fəlsəfəsi

chomolungma
minimalizm fəlsəfəsini ən gözəl izah edən fikirlərdən biri platona məxsusdur: "əsas məsələ çox şeyə sahib olmaq deyil, az şey istəməkdir".

minimalizm fəlsəfəsinin tərəfdarları sadəliyi tərənnüm edirlər. ancaq bu sadəlik bəsitlik kimi başa düşülməməlidir. əksinə, maddi asılılıqlardan imtina etməyin gətirdiyi mənəvi rahatlıq və ucalıq kimi anlaşılmalıdır.

minimalizmin əsasında "maddiyyatçılıqdan imtina" prinsipi dayanır. insanların maddi nemətlərə (paltar, yemək, texnoloji avadanlıqlar və s.) olan asılılığı onların özlərini doğru şəkildə qiymətləndirməsinə imkan vermir. belə ki, biz pul qazanmaq üçün çox işləyirik, buna görə də özümüzə ayırmağa vaxt tapa bilmirik. halbuki maddi nemətlərdən imtina edib özümüzü dəyərləndirməyə başlasaq, həyat daha maraqlı olacaq.

əgər dünyada maddi olan hər şey müvəqqətidirsə, onda qısa olan ömrünüzdə vaxtınızı və enerjinizi onlara xərcləməyə dəyərmi?

maddiyyatçı düşüncəyə sahib insanlar ömür boyu işləyir, yaşamaq əvəzinə, işləməyə qurban etdikləri həmin saatın əvəzində aldıqları pulları isə müvəqqəti olanlara xərcləyirlər.

bu fəlsəfi baxış həyatınızdakı hər şeydən imtina etməyi deyil, sadəcə, həqiqətən, ehtiyacınız olan şeyləri istifadə etməyi ifadə edir.

bəs biz necə edirik? "qonşunun qızı iPhone 10 alıb, mən də almalıyam" və yaxud "filan mağazadakı donu alıb, mən də alıb universitetdəkilərlə yarışmalıyam", "bu məkanda şəklim yoxdur, orda oturaq" və s. kimi düşüncələrə qapılırıq. minimalistlər üçün isə bütün bunlar önəmsiz, müvəqqəti həzlərdir.